Nasist Almaniyasının Fransa kampaniyası və onun nəticələri - Balamirzə Məmmədli

 

    Nasist Almaniyasının, qərb tarixşünaslığında “Fransanın süqutu” kimi tanınan Fransa kampaniyası, ikinci dünya müharibəsinin birinci mərhələsinin ən mühüm hadisələrindən biridir. Almaniyanın Polşaya hücumuna cavab olaraq ona müharibə etmiş Britaniya və Fransanı hədəfə alan Adolf Hitler, görkəmli vermaxt generalı F.Qalderin öz “Hərbi gündəliyində”də yazdığı kimi, “müharibənin məqsədinin Britaniyanı diz üstə qoymaq, Fransanı isə, darmadağın etmək” olmasını bildirmişdir. Müasir Benilüks ölkələri — Belçika, Niderland və Lüksemburqa qarşı yönəlmiş əməliyyatın kod adı “Gelb” planı (“Sarı” plan), Fransaya qarşı yönələn isə “Rot” planı (“Qırmızı” plan) adlanırdı. 10 may 1940-cı ildə Fransa kampaniyasına başlayan alman qoşunları “blitskriq”, yəni ildırımsürətli müharibə” taktikası ilə, cəmi 6 həftəyə, müttəfiq ordularınıı demək olar ki, darmadağın edərək, bütün yuxarıda göstərilən ölkələri işğal etdilər. 22 iyunda Kompyendə təslim olma aktının imzalanması ilə, Fransa kampaniyası nasist Almaniyası üçün uğurla başa çatdı və onun gələcək işğalçı addımlarına əlverişli imkanlar açmış oldu.

Açar sözlər: İkinci dünya müharibəsi, nasist Almaniyası, “Gelb” planı, Dünkerk təxliyyəsi, Fransanın işğalı.

Giriş. 1939-cu ilin 1 sentyabrında nasist Almaniyasının Polşaya hücumuna cavab olaraq, 2 gün sonra, sentyabrın 3-də Böyük Britaniya və Fransa hökumətləri Almaniyaya müharibə elan etdilər. Bu, məlum olduğu kimi artıq ikinci dünya müharibəsinin başlanması demək idi. Həmin vaxt, Fransa-Britaniya ordusu fransızların 1930-cu illərdə inşa etdikləri “Majino xəttində”, alman ordusu isə, “Ziqfrid xəttində” cəmlənmişdi. Lakin, hələ irimiqyaslı hərbi əməliyyatlar aparılmır, alman-fransız sərhədində qəribə bir sakitlik hökm sürürdü. Məhz, elə buna görədir ki, II dünya müharibəsinin bu dövrü (3 sentyabr 1939-10 may 1940) tarixə “qəribə müharibə” kimi düşmüşdür. Amerikan müəllifləri müharibənin bu dövrünü “Phoney War”, yəni “saxta, həqiqi olmayan müharibə” də adlandırmışdılar. (11, s.56)

    Lakin, “qəribə müharibə” dövründə, almanların hərbi əməliyyatları davam etməkdə idi. Belə ki, 1940-cı ilin aprelin 9-da “Vezerübunq” əməliyyatı ilə, alman ordusunun Danimarka və Norveç üzərinə hücumu başlandı, Danimarka elə həmin gün, bir neçə saatın içərisində işğal edilmişdir. Norveç isə, bir müddət qətiyyətli müqavimət göstərsə də, bu uğursuzluqla başa çatmışdır.

    Almaniyanın hücum planı. Nasist Almaniyasının Fransaya və müasir Benilüksə, yəni Belçika, Niderland, Lüksemburqa hücum əməliyyatının kod adı “Gelb” planı (“Sarı” plan) adlanırdı. Bu plan, vermaxtın görkəmli strateqlərindən biri olan, general Erix fon Manşteynin təklifi əsasında, Almaniyanın quru qoşunlarının Baş qərargahı tərəfindən hazırlanmışdı. Lakin, qeyd etmək lazımdır ki, hələ 9 oktyabr 1939-cu ildə yeni “6 nömrəli fürer direktivi” qəbul olunan zaman, Adolf Hitler Şərqi Avropanın fəthinə qədər iki cəbhədə müharibənin qarşısını almaq üçün, Qərbi Avropa xalqlarının məğlub edilməsi məqsədilə hərbi kampaniyanın aparılması zəruriliyini qəbul edirdi. Ancaq bu niyyətlər 6 nömrəli direktivə daxil edilməmişdi. (6, s.61)

    “Gelb” planı kod adı altında strateji hücum əməliyyatının həyata keçirilməsi üçün general-polkovnik Valter fon Brauxiçin ümumi komandanlığı altında, bütövlükdə 136 diviziya, 2,5 min tank, 3,8 min təyyarənin daxil olduğu  “A”, “B” və “C” olmaqla üç ordu qrupu hərbi əməliyyatlara cəlb olundu. (5)

Majino xətti

    Plana görə, əsas zərbəni vurmalı olan, general-polkovnik Gerd fon Rundştedin komandanlıq etdiyi “A” ordu qrupu La-Manş boğazından çıxmaq məqsədilə, Ardenləri aşaraq “Majino xəttini” keçməli, düşmənin əsas qüvvələrini dənizə doğru sıxışdıraraq “B” ordu qrupu ilə birləşib onu məhv etməli idi. Əməliyyatın aparılmasında general Evald fon Kleystin tank qrupu və general German Qotun 15-ci tank korpusu da əsas rol oynamalı idi.

    General-pokovnik Fyodor fon Bokun komandanlıq etdiyi “B” ordu qrupu Niderlandı ələ keçirmək və yuxarıda göstərildiyi kimi, “A” ordu qrupu ilə birləşib müttəfiqlərin ordusunu məhv etmək tapşırığı almışdı. Nəhayət, general-polkovnik Vilhelm fon Leyebin komandanlığı altında olan “C” ordu qrupu isə, aktiv hərbi əməliyyatlarla fransız qoşunlarını “Majino xəttinə” sıxışdırmalı, digər iki ordu qrupuna dəstək verməli idi. Bundan əlavə, alman komandanlığının ehtiyatında 40-dan çox diviziya var idi. (5)

    Almaniyada hücumdan əvvəl 4,2 milyon nəfər quru qoşunlarına (“Heer”), 1 milyon nəfər Hərbi Hava Qüvvələrinə (“Lüftvaffe”), 180 min nəfər Hərbi Dəniz Qüvvələrinə (“Kriqsmarin”) və 100 min nəfər müdafiə dəstələrinə (“Vaffen SS”) səfərbər olundu. Polşa, Danimarka və Norveçdə olanları da nəzərə alsaq, 10 may 1940-cı ildə mövcud hücum üçün alman ordusunda 3 milyon nəfər canlı qüvvə var idi. Həmin ilin may və iyun aylarında qərb cəbhəsindəki alman ordusunda 2349 tank və 7378 hərbi top var idi. (6, s.35-37)

    Niderlandın işğalı. Nasist Almaniyasının siyasi-hərbi rəhbərliyi və vermaxt komandanlığının planlarına görə, Niderland silahlı qüvvələrinə qarşı “B” ordu qrupuna daxil olan general-polkovnik Georq fon Küxlerin 18-ci ordusu və general-polkovnik Valter fon Reyxenaunun 6-cı ordusu hərəkət etməli idi. 6-cı ordu Niderlandın Rurmon şəhərinin cənubu ilə hərəkət etməli və müttəfiq qüvvələri,  fransız-ingilis və Belçika silahlı qüvvələri ilə mübarizə aparmalı idi. Lakin, əsas hədəf – holland qüvvələrinin darmadağın edilməsi 18-ci orduya tapşırılmışdı. Həmin ordu, kiçik qüvvə ilə Niderlandın şimal-şərq əyalətlərinə hərəkət etməli, əsas qüvvələr isə, sonradan “Hollandiya qalasına” hücum etmək məqsədilə, aşağı Reyn və Maas çayınən hər iki tərəfində yerləşən Eyssel mövqeyi və Pel xəttini yarmalı idi. Qeyd etmək lazımdır ki, “Hollandiya qalası” deyildikdə, “yeni holland su xətti”nin qərb hissəsi nəzərdə tutulur. “Holland su xətti” isə, Niderland müdafiə sisteminin bir hissəsi olub, onun yaradılması hələ XVII əsrin əvvəllərində Oranlı Moris tərəfindən düşünülmüş, Frederik Henri tərəfindən həyata keçirilmişdir. XIX əsrdə Utrextə qədər genişləndirilmiş bu xətt, “yeni holland su xətti” adlandırılmışdır.

Alman ordusu Niderlandda

    Almanlar Niderland silahlı qüvvələrini daha tez sıradan çıxarmaq üçün, ilk növbədə onun planlı müdafiəsinin təşkilinə mane olmaq istəyirdilər. General Hans fon Şponekin 22-ci piyada diviziyası və general Kurt Ştudentin 7-ci aviadesant diviziyası da, məhz bu məqsəd üçün ayrılmışdı.

    1940-cı il, mayın 10-da alman qoşunlarının Fransaya və neytral ölkələr olan Belçika, Niderland və Lüksemburqa tərəf hərəkət etməsi ilə “qəribə müharibə” qəfil sona çatdı. …“Alman işğalının sürəti və işğalın miqyası müttəfiqləri və bitərəf ölkələri gözənilməz halda yaxaladı”. (2, s.52). Alman ordusu, elə ilk gündən, Lüksemburqu praktik olaraq müqavimətsiz işğal etdi. (14, s.122.)

    Niderland uğrunda döyüşlər ilk olaraq 18-ci alman ordusunun hücumu ilə başlandı. Həmin ordu qısa zaman kəsiyində zəif müdafiə olunmuş şimal-şərq vilayətlərini tutaraq Eyssel kanalının şərq sahillərinə çatdı. Vermaxt qüvvələrinin son dərəcə sürətli hücumları nəticəsində, Neymeqen və digər cənub rayonlarındakı bir sıra körpülər, zədələnmədən almanların əlinə keçdi, Eyssel mövqeyi və Pel xətti yarıldı, hücumun elə ilk günündə buradakı müdafiəçilər təslim oldular. Niderlandın 2-ci ordu korpusu Vaal çayına doğru geri çəkilərək, Pel xəttinin arxasında mövqe tutdu. Nisbətən daha yaxşı möhkəmləndirilmiş Qrebbe  xəttinin müdafiəsi, artıq mayın 12-də yarılmağa başlandı. Sonrakı günlərdə isə, şığıyıcı bombardmançıların havadan dəstəyi, almanların burada həlledici qələbəsini təmin edir. Lakin, Niderland ordusu üçün ən faciəlisi, “Hollandiya qalası”nda baş verən döyüşlər olur. Rotterdam və Leyden rayonları arasındakı əraziyə, 22-ci piyada diviziyasının tərkibindən olan hava desantının çıxarılmasına baxmayaraq, hollandlar bir çox yerlərdə tamamilə məğlubiyyətə uğrayırlar. Eyni zamanda, almanlar da uğurlu əks tədbirlər həyata keçirdilər: Rotterdam və Dordrext rayonları arasındakı əraziyə çıxarılmış alman desantının paraşütçüləri nəinki rəqibinin bütün hücumlarını dəf etmiş, Dordrextin cənubuna doğru irəliləməyə başlamışdılar. Onlar Murdeyk körpüsü yaxınlığındakı digər alman desantı ilə əlaqə quraraq, sonrakı hərbi əməliyyatlarda vermaxt üçün mühüm əhəmiyyət kəsb etmişdilər.

    Belə bir ağır dönəmdə, müttəfiqlər ordusunun da Niderlandı xilas etmək üçün tədbirləri heç bir effekt vermirdi. Məsələn, 7-ci fransız ordusunun vermaxtın 9-cu tank diviziyasını mühasirəyə almaq istəyi uğursuz olmuş və alman diviziyasının tankları mayın 13-də Rotterdama çatmışdılar. Həmin gün, Qrebbeberq döyüşündən sonra, hollandların almanlar üzərinə əks-hücumu da uğursuzluğa düçar olmuş və holland ordusu Qrebbe xəttinə doğru geri çəkilmişdir.

    Almanlar Niderlandı tam şəkildə təslim olmağa məcbur etmək məqsədilə, əsas şəhərlər üzərinə hava hücumları təşkil etməyə başladılar. Vermaxt generalı Hans Şmidt əvvəlcə, Rotterdam şəhərinin bombardman olunacağı planı barədə Niderlanda ultimatum verdi. Niderland ultimatumu qəbul etdiyi üçün plan ləğv olundu. Lakin, hücumun ləğvi barədə məlumat siqnalı, artıq şəhər üzərinə hücuma başlayan yüzlərlə “Heinkel He-111” bombardmançı təyyarələrdən ən azı 50-60-na çatmadı və mayın 14-də onlar şəhərin mərkəzinə təqribən 97 ton bomba yağdırdılar. Əksər tarixçilərə görə, şəhərin kütləvi yanğınlarla müşayiət olunan bombardmanı nəticəsində təqribən 900-1000 nəfər dinc sakin həlak olmuş, 85 mindən çox insan evsiz qalmış, minlərlə müxtəlif tikili, kilsə, məktəb tamamilə dağıntıya məruz qalmışdır. Hətta, bəzi holland və ingilis mənbələrinin, kütləvi informasiya vasitələrinin məlumatlarına görə, şəhər dağıdılarkən 30 min sakin həlak olmuş və nasistlər şəhərin qədim binalarını dağıtmaqla barbarlıq aktı həyata keçirmişdilər (8, s.43)

   Nəhayət, 15 mayda kapitulyasiya aktının imzalanması ilə Niderland təslim oldu. Öz ölkəsini tərk etmiş Niderland kraliçası Vilhelmina Britaniyada mühacir hökumət yaratdı. (12, s.723).

Almaniyanın Belçika və Fransa üzərinə əsas hücum istiqamətləri

    Belçikanın işğalı. Belçikanın alman hücumu ərəfəsində ümumilikdə 1338 artilleriya silahına malik olan 22 diviziyası var idi (1, s.37). Lakin, silahlı qüvvələrin müasir tanklar və texnika ilə təchizatı son dərəcə aşağı idi. Məsələn, o dövrdə Belçika ordusunda ən müasir tipli tank, fransız “Renault” şirkətinin 1930-cu illərdə istehsal etməyə başladığı “AMC 35” yüngül tankları idi ki, ondan da cəmi 10 ədəd var idi. Səfərbər olunmuş ordunun ümumi sayı 600 min nəfər idi (9, s.95). Almaniya ilə müharibənin başlanğıcında Belçika Hərbi Hava Qüvvələrində (HHQ) 250 hərbi təyyarə, o cümlədən 90 qırıcı, 12 bombardmançı, 12 kəşfiyyatçı təyyarə var idi. Lakin, bütün bunların təqribən, yalnız 50-si müasir müharibənin tələblərinə cavab verirdi. (9, s.324)

    Müttəfiqlərin qüvvələrinə gəldikdə isə, Belçika əsas köməyi, ilk növbədə Fransadan almışdı. Məsələn, təkcə 1-ci fransız ordusuna daxil olan general Rene Priunun süvari korpusu Belçikanın Jamblu rayonunun müdafiəsi üçün ayrılmışdı. Fransızlar yüzlərlə “Somua-35” orta tanklarına və “Hotkniss H-35” yüngül tanklarına malik idilər ki, həmin tanklar da, tarixçi Mark Hilinin fikrincə, zirehinə və atəş gücünə görə, hətta alman tanklarını da üstələyirdi. (7, s.37) Ümumilikdə, fransızların 2-ci, 7-ci və 9-cu orduları da, Belçika uğrunda döyüşlərdə iştirak etmişdir. Britaniyalıların isə, Belçikadakı əsas qüvvələri, 152 min nəfər canlı qüvvəyə malik 2 korpusdan ibarət olan və general lord Con Qortun komandanlıq etdiyi Britaniya Ekspedisiya Qüvvələrində cəmlənmişdilər. Lakin bütün bunlara baxmayaraq, Belçikanın nasist Almaniyası tərəfindən işğalı cəmi 18 gün çəkdi.       

"Heinkel He 111" bombardmançı təyyarəsi

    Alman ordusu Belçika üzərinə hücuma əsas vəzifəsi rəqibin hərbi hava qüvvələrini məhv etmək və səmada üstünlüyü ələ keçirmək olan “Lüftvaffe” təyyarələrinin hava dəstəyi ilə başladı. Hava döyüşləri “Heinkel He 111”, “Dornier Do 17”, “Messerşmitt Bf 109” kimi müasir tipli alman qırıcı və bombardmançı təyyarələrinin üstünlüyü şəraitində gedirdi. Belçikalılar belə bir çətin şəraitdə, 1930-cu illərdə tikilmiş və Niderlandla sərhəddə yerləşən Eben-Emal fortuna böyük ümidlər bəsləyirdilər. Lakin, vermaxt komandanlığı da Eben-Emal fortunun strateji əhəmiyyətini hiss edərək, hələ Belçika ilə müharibəyə başlamazdan əvvəl, həmin fortun neytrallaşdırılması məqsədilə hərbi hava əməliyyatı planı hazırlamışdı. Məhz buna görə də, Fransa kampaniyasının ilk günündə – mayın 10-da alman desantçıları motorsuz uçan aparatlar olan planerlərin  köməyi ilə, fort ərazisinə endirildi. Cəmi 24 saata Belçikanın 7-ci piyada diviziyasının müqavimətini qıran almanlar Eben-Emal fortunu ələ keçirdilər. Bu, həmçinin almanlara, mühüm strateji plasdarm olan Albert kanalı sahillərini ələ keçitməyə şərait yaratdı.

    Mayın 10–12-də vermaxt ordusu Ardenləri keçərək, La-Manş boğazına doğru irəliləməyə başladılar. Mayın 12-də, müharibənin ən böyük tank döyüşlərindən biri olan Annyu döyüşü başlandı və tərəflərdən heç biri həlledici qələbə qazana bilmədi. Lakin, La-Manşa doğru irəliləyən alman ordusu müttəfiqləri mühasirəyə alaraq, 5 günə oraya çatmağa nail oldu. Almanlar müttəfiq ordularını tədricən dənizə doğru geri çəkilməyə məcbur etdilər.

    Müttəfiqlərlə döyüşlər və Dünkerk təxliyyəsi. Majino xəttinin yarılması və Niderlandın kapitulyasiyasından sonra öz uğurlarını davam etdirən alman komandanlığı, tezliklə Britaniya Ekspedisiya Qüvvələrinin, fransız hərbi birləşmələrinin və Belçika ordusunun qalıqlarından ibarət müttəfiqlər ordusunu, Fransanın şimalında yerləşən Dünkerk şəhərində mühasirəyə almağa başladılar. Buna görə də, ingilis qoşunlarının komandanı general Con Qort, hələ mayın 18-dən müttəfiq qoşunlarının Britaniya adalarına təxliyyə edilməsini təklif edirdi. (13, s.113) Mayın 20-də isə, Abvil fransız şəhərini keçən alman tank birləşmələri müttəfiqlərin 1-ci ordu qrupunu (tərkibinə 10 ingilis, 18 fransız və 12 Belçika diviziyası daxil idi. – B.M.) dənizə doğru – Arras, Qravlin, Brügge şəhərlərinə sıxışdırmağa başlamışdılar. Müttəfiqlərə qarşı cənub və cənub-qərbdən almanların “A” ordu qrupu, şərq və cənub-şərqdən “B” ordu qrupu irəliləyirdi. Belə bir vəziyyətdə, Uinston Çörçill kabineti və Britaniya Admirallığı da, Britaniya Ekspedisiya Qüvvələrinin Britaniya adalarına təxliyyə olunması qərarına gəldilər.

    Mayın 21-də, vermaxtın 19-cu korpusu La-Manşdakı limanları ələ keçirmək məqsədilə hücuma keçmək əmri aldı. Elə həmin günün ikinci yarısı, ingilis ordusu da Arras şəhərinin cənubunda alman bölmələri üzərinə əks-hücuma keçdilər (13, s.116-118). Britaniya bölmələrinin “Matilda I” və “Matilda II” kimi yeni tipli tanklardan istifadəsi, vermaxtın 4-cü ordusu üçün ciddi çətinliklər yaratdı. Almanlar, tezliklə hücumçu təyyarələrin havadan dəstəyi ilə, bu təhlükəni aradan qaldırsalar da, cənuba doğru bir neçə kilometr geri oturduldular. Mayın 22-də, general Kleystin tank qrupu Bulon şəhərini ələ keçirdi. Həmin gün, Britaniyanın hərbi-dəniz nazirliyi, ordunun təxliyyəsində istifadə etmək üçün ingilis limanlarındakı 40 holland gəmisini müsadirə etdi (3, s.333). 2-ci tank ordusunun komandanı olmuş general Hayns Quderianın da öz xatirələrində qeyd etdiyi kimi, almanlar Devr, Same və Bulon şəhərləri ətrafındakı döyüşlərdə təkcə ingilis-fransız deyil, həmçinin Belçika və holland bölmələri ilə üz-üzə gəlmişdilər. (10, s.123)

    Mayın 24-də almanlar Kale liman şəhərini mühasirəyə aldılar. Əvvəlcə, ingilis-fransız ordusu şəhəri müdafiə edərək, güclü müqavimət göstərsələr də, mayın 26-sı səhər “Yunkers Yu-87” şığıyıcı bombardmançılarının hava dəstəyi ilə, almanların həlledici hücuma keçməsi onların müqavimətini qırdı. Bundan sonra, həmin günün axşamı, Britaniya Ekspedisiya Qüvvələri təxliyyə olunma haqqında qəti əmr aldı. Kod adı “Dinamo” olan əməliyyatın başlamasından dərhal əvvəl, Britaniya hökuməti, şəxsi gəmilərin, katerlərin və digər gəmilərin ordunun təxliyyəsində istifadə üçün hazır edilməsi əmrini də verdi (13, s.116-118).

    Bu vaxt, belçikalılarla almanlar arasında gərgin döyüşlər davam edirdi. Lakin, Belçika kralı III Leopoldun 1940-cı ilin 28 mayında kapitulyasiya haqqında aktı imzalaması ilə, ölkə 18 günlük şiddətli müqavimətlərindən sonra təslim oldu (12, s.729). Bununla belə, qeyd etmək lazımdır ki, bir sıra alman tarixçilərinin özləri də, 18 günlük qanlı döyüşlərdə Belçika ordusunun ciddi rəqib olduğunu və əsgərlərinin “qeyri-adi cəsurluq” göstərdiyini etiraf ediblər (9, s.95-96). Beləliklə, Belçikanın təslim olması, alman hərbi birləşmələrinin işini nə qədər asanlaşdırdısa, Dünkerdə blokadada olan ingilis-fransız birləşmələrinin vəziyyətini bir o qədər çətinləşdirdi.

    Dünkerkdə müttəfiqlər blokadaya alınan zaman, almanların tank və aviasiya üstünlüyünə malik olmasına baxmayaraq, Hitler tərəfindən Rundştedtə göndərilmiş əmr ilə hücum qəfil dayandırıldı. Bu qərar onunla əsaslandırıldı ki, Fransa kampaniyasının növbəti həlledici əməliyyatlarında istifadə üçün “pantservaffe” qüvvələrinin alman tank diviziyalarının döyüş bacarığı saxlanılsın. Bundan başqa, Hitler hesab edirdi ki, demoralizə olunmuş ingilis əsgərlərinin geri qaytarılması Britaniya hökumətini Almaniya ilə separat sülh bağlamağa sövq edər və beləliklə də, ən böyük Avropa müttəfiqinin itirilməsinə nail olunar. Lakin, vermaxt komandanlığının bəzi rəhbərləri, Hitlerin bu qərarını yanlış hesab etmişdilər. Məsələn, general H.Quderian hesab edirdi ki, Hitlerin bu əmri əsassızdır və alman ordusu blokadaya alınmış qruplaşmanı məhv edə bilərdi (10, s.128).

Dünkerk təxliyyəsi

    Beləliklə, “Dinamo” əməliyyatı çərçivəsində, 1940-cı il 26 maydan 4 iyuna qədər, Britaniya hərbi dəniz nazirliyinin verdiyi rəsmi məlumata əsasən, Dünkerk rayonunun sahillərindən Britaniya adalarına müttəfiqlərin 338226 nəfər hərbi qulluqçusu inanılmaz şəkildə təxliyyə olundu (2, s.60; 3, s.357). Bu hadisə tarixdə “Dünkerk möcüzəsi” kimi də tanınır.

   Fransanın süqutu. Niderland və Belçikanın işğalı, tezliklə almanlara Fransanın da işğalı üçün yol açmış oldu. 1940-cı il, mayın sonlarında fransız ordularının ən yaxşı hissələri ölkənin şimalına – Almaniyanın hücum istiqamətinə göndərilmişdi. “Gelb” planı üzrə hərbi əməliyyatların gedişində, artıq müttəfiqlər ümumilikdə 61 diviziya itirmişdilər (7, s.84). Fransızlar ağır silah və texnikada çoxlu itkilər vermişdilər. Mayın 19-da Moris Qamelenin istefasından sonra, Fransa ordusunun baş komandanı təyin edilmiş 73 yaşlı general Maksim Veyqanın sərəncamında yalnız 64 fransız diviziyası və britaniyalıların 51-ci piyada divizyası qalmışdı. Ehtiyat qüvvələrdə də kəskin çatışmazlıq yarandığından, Veyqanın 965 km cəbhə xətti boyunca vuruşan fransız əsgərləri uzunsürən döyüşlər nəticəsində tükənərdisə, onları yeni qüvvələrlə əvəz etmək imkanı yox idi. Almanlar isə, həmin vaxt 142 diviziya və La-Manş istisna olmaqla, havada üstünlüyə malik idilər. (7, s.84) Belə bir vəziyyətdə, alman komandanlığı məhz Fransa ordusunun darmadağın edilməsini həyata keçirməyi nəzərdə tutan yeni “Rot” planı (“Qırmızı” plan) hazırlamışdı.

Parisə daxil olmuş vermaxt əsgərlərinin paradı, 1940-cı il

  1940-cı ilin 5 iyununda almanların Somma və Ena istiqamətində irəliləməyə başlaması ilə, “Rot” planının icrası başlandı. Alman ordusu, 1-ci tank birləşməsi eşelonundan istifafə edərək, qısa zaman çərçivəsində Somma və Ena çayları sahilindəki fransız müdafiəsini yarıb ölkənin içərilərinə doğru irəliləməyə başlayırlar. 10 iyunda Fransa hökuməti Parisi “açıq şəhər” elan edir (12, s.738). Elə həmin gün, nasist Almaniyasının ən yaxın müttəfiqlərindən olan İtaliya, Fransaya və Böyük Britaniyaya müharibə elan edir. İtaliyanın faşist lideri Benito Mussolini anlayırdı ki, artıq Fransanın məğlubiyyəti qaçılmazdır və elə buna görə də, italyanların 323 min nəfər canlı qüvvəsi olan “Vest” ordu qrupu Fransa üzərinə hərəkətə başladı. 14 iyunda, alman əsgərləri Parisə daxil oldular. Fransa hökuməti Bordoya köçdü. 1940-cı il, 22 iyunda Kompyendə, vaxtilə 1918-ci ildə Almaniyanın I dünya müharibəsində təslim olmasını təsdiq edən müqavilənin imzalandığı vaqonda Hitler ilə, fransız general Şarl Hyuntsiqerin görüşü zamanı Fransanın kapitulyasiyası haqqında akt imzalandı. 24 iyunda, Fransa rəhbərliyi Roma yaxınlığında İtaliya ilə də kapitulyasiya aktı imzaladı. 25 iyunda hərbi əməliyyatlar rəsmi olaraq başa çatdı.

Adolf Hitler Parisdə, Eyfel qülləsi ətrafında

Nəticə. Nasist Almaniyasının Fransa kampaniyasının əsas nəticəsi, əvvəldə də qeyd olunduğu kimi, Lüksemburq, Niderland, Belçika və Fransanın məğlubiyyəti və işğalı oldu. Kapitulyasiya müqaviləsi ilə, Fransa ərazisinin 3/5 hissəsi Almaniyaya verildi. Fransız ordusu tərk-silah olundu, fransız donanması Almaniya və İtaliyanın nəzarəti altına keçdi. İtaliya həmçinin 832 km2 ərazi əldə etdi.  Fransanın şimalı və qərbi alman işğal zonasına, cənubu isə, “azad zona”ya (zone libre) bölündü. “Azad zona”da marşal Filipp Petenin başçılığı ilə “Vişi rejimi” adlanan kollaborsionist hökumət yaradıldı. Petenin Vişi hökumətini legitim olaraq tanımaqdan imtina edən Şarl de Qoll, həmin vaxtdan etibarən “Azad Fransa” qüvvələrini formalaşdırmağa başladı. (4, s.336-339). Tezliklə, digər fransız zonalarının da nasistlər tərəfindən işğalı başlandı və bu proses 1942-ci ilin noyabrına kimi davam etdi. Almanlar “Anton” əməliyyatına başlayaraq Vişi hökumətinin nəzarətində olan cənubi Fransanı da işğal edərək bütün Fransanın işğalını başa çatdırdılar (4, s.635).

 


İstifadə olunmuş ədəbiyyat

1.     Bond B., Taylor M. The Battle of France and Flanders 1940. London, Leo Cooper, 2001. – p.224.

2.     But O., Uolton C. II dünya müharibəsinin şəkilli tarixi (ingilis dilindən tərcümə). Bakı, TEAS Press, 2016. – s.256.

3.     Черчилль У. Вторая мировая война. В шести томах. Москва, Воениздат, 1991. – 704 с.

4.     Dear I., Foot M. The Oxford Companion to World War II. London, Oxford University Press, 2001. – p.1072.

5.     Французская кампания 1940 // Большая Российская Энциклопедия Mənbə: https://bigenc.ru/military_science/text/4722554 [Müraciət tarixi:08.03.2021]

6.     Frieser K. The Blitzkrieg Legend: The 1940 Campaign in the West. Annapolis, MD: Naval Institute Press, 2005. – p.555.

7.     Healy M. Panzerwaffe: The Campaigns in the West 1940. London, Ian Allan, 2008. – p.96.

8.     Hinchcliffe P. The other battle: Luftwaffe night aces versus Bomber Command. Shrewsbury, Airlife Publishing, 2001. – p.352.

9.     Keegan J. The Second World War. New York, Penguin Books, 2005. – p.608.

10.            Гудериан Г. Воспоминания немецкого генерала. Танковые войска Германии во Второй мировой войне 1939-1945. Москва, ЗАО Центрполиграф, 2013.с.574.

11.            Лиддел Гарт Б. Вторая мировая война. Москва, АСТ, 1999. – с.944.

12.            Shirer W. The Rise and Fall of the Third Reich: A History of Nazi Germany. New York, Simon&Schuster, 1990. – p.1249.

13.            Типпельскирх К. История Второй мировой войны 1939-1945. Санкт-Петербург, Полигон, 1999. – 796 с.

14.            Weinberg G. A World at Arms: A Global History of World War II. London, Cambridge University Press, 1994. – p.945.


BALAMIRZA MAMMADLI

THE FRENCH CAMPAIGN OF NAZI GERMANY AND ITS AFTERMATH

The French campaign of Nazi Germany, known in Western historiography as "The Fall of France", is one of the most important events of the first stage of World War II. Adolf Hitler aimed at war Britain and France, who declared war on Germany, in response to the German invasion of Poland, said the aim of the war was “to bring Britain to its knees and destroy France”, as the distinguished Wehrmacht general F.Halder wrote in his “Military diary”. The codename for the operation against the modern Benelux countries – Belgium, the Netherlands and Luxembourg, was called the Gelb (yellow) plan, and against France, the Roth (red) plan. On May 10, 1940, German forces launched the French campaign, using lightning-fast blitzkrieg tactics to disperse Allied forces for nearly six weeks, occupying all of the aforementioned countries. With the signing of the act of surrender in Compiegne on June 22 of the same year, the French campaign ended successfully for Nazi Germany, opening up the possibility of its future aggression.

Keywords: World War II, Nazi Germany, “Gelb” plan, Dunkirk evacuation, occupation of France.







Комментарии

Популярные сообщения из этого блога

Almaniyanın Polşaya hücumu və İkinci dünya müharibəsinin başlanması — Balamirzə Məmmədli