Almaniyanın Polşaya hücumu və İkinci dünya müharibəsinin başlanması — Balamirzə Məmmədli

 İkinci dünya müharibəsində Qələbə bayrağının Reyxstaq üzərində dalğalanmasından artıq 75 il keçir. Bəs azərbaycanlılar da daxil olmaqla çoxmilyonlu dünya xalqlarının XX əsrin taununa – Hitler faşizminə qarşı öz miqyasına və amansızlığına görə misli görünməyən müharibəsi necə başladı? Bildiyimiz kimi, müharibə nasist Almaniyasının Polşaya hücumu ilə başlanmışdı. Bəs niyə məhz Polşaya? Bir çox tarixçilərin də göstərdiyi kimi bunun sadə bir əsası var idi: əvvəlcə daha zəif bir düşmənə sürətli və güclü zərbə endirməklə Üçüncü reyxin şərq sərhədlərinin təhlükəsizliyini təmin etmək və eyni zamanda qətiyyətli bir qələbə ilə, digər Avropa dövlətlərinə Almaniyanın “son dərəcə güclü olduğuna” dair işarə vermək. Bu baxımdan nasist Almaniyasının Polşaya hücumunu tədqiq etmək II dünya müharibəsinin tarixini öyrənmək baxımından mühüm əhəmiyyət kəsb edir. 

Açar sözlər: İkinci dünya müharibəsi, nasist Almaniyası, Polşaya hücum, Varşavanın mühasirəsi, Polşanın işğalı.

    İki böyük hərbi-siyasi koalisiya arasında baş vermiş, bəşər tarixində ən böyük hərbi münaqişə olan və tam 6 il davam etmiş İkinci dünya müharibəsində o zaman dünyada mövcud olan 74 dövlətdən 62-si iştirak etmiş, hərbi əməliyyatlar Avropa, Asiya və Afrika ərazilərində və bütün okean sularında aparılmışdır. Məlum olduğu kimi, bu böyük müharibə nasist Almaniyasının Polşaya hücumu ilə başlanmışdır.

    Nasist Almaniyasının Polşaya hücum əməliyyatı 1939-cu ilin aprel-iyun aylarında hazırlanmış “Vays” planına (“Ağ plan”) əsaslanırdı. Plan müharibə elan etmədən, Almaniyanın Fransa və Benilüks ölkələri ilə sərhədlərində yerləşdirilmiş qoşunların zəiflədilməsi hesabına maksimum qüvvə ilə sürətli hücum əməliyyatlarının başladılmasını nəzərdə tuturdu. Alman qoşunlarının Polşa ərazisinə qəfil girməsi Polşa ordusunun mütəşəkkil səfərbərliyini və vahid cəbhədə birləşməsini əngəlləməli idi.

Polşa üzərinə hücuma keçən Vermaxt ordusu

    Üçüncü Reyx komandanlığı “Blitskriq” (ildırımsürətli müharibə) konsepsiyasına əsasən iki həftə ərzində Polşa ordusunu tamamilə məhv etməyi və bütün ölkəni işğal etməyi planlaşdırırdı. Zirehli texnikanın demək olar ki, hamısı beş korpusda 14-cü, 15-ci, 16-cı motorlaşdırılmış, 19-cu tank və 18-ci dağ korpuslarında cəmlənmişdi ki, bu da qarşı tərəfin müdafiəsində zəif nöqtələri tapmalı, Polşa ordularının cinahlarını qıraraq onu hərbi əməliyyatlar meydanından uzaqlaşdırmalı, daha sonra isə onu mühasirəyə almalı və həlledici döyüşdə məhv etməli idi. Plan aviasiyadan, xüsusilə də şığıyıcı bombardmançılardan geniş surətdə istifadə edərək mexanikləşdirilmiş birləşmələrin irəliləməsinə havadan dəstək verməyi nəzərdə tuturdu. (7.23-24)

    Alman qoşunları Polşaya üç istiqamətdə hücum etməli idi: 1) Əsas zərbə Almaniyanın Polşa ilə olan qərb sərhəddindən vurulmalı idi; 2) Şimaldan zərbə Qərbi Prussiya ərazisindən vurulmalı idi; 3) Alman və slovak müttəfiq qoşunları isə, Slovakiya ərazisindən zərbə vurulmalı idi. Hücumun hər üç istiqaməti Vislanın qərbində Polşa ordusunun mühasirəyə alınmasına və Varşavada məhv edilməsinə yönəlmişdi.

Gerd fon Rundştedt

    General-polkovnik Gerd fon Rundştedtin komandanlıq etdiyi 8-ci, 10-cu və 14-cü ordulardan ibarət olan “Cənub” ordu qrupu əsas zərbəni Sileziya və Slovakiyadan endirməli idi. 10-cu ordunun zərbə qrupu Varşavaya ümumi istiqamətdə irəliləməli, Visla çayına çıxmalı, daha sonra “Şimal” ordu qrupu ilə birlikdə Qərbi Polşada yerləşən Polşa qoşunlarını məhv etməli idi. 8-ci və 14-cü ordulara zərbə qrupunun cinahlarını müdafiə etmək tapşırılmışdı. (6)

Fyodor fon Bok

    General-polkovnik Fyodor fon Bokun komandanlıq etdiyi “Şimal” ordu qrupunun ən əsas vəzifəsi Pomeraniya (4-cü ordu) və Şərqi Prussiya (3-cü ordu) ərazilərindən irəliləmək, “Polşa dəhlizi”ni işğal etmək, Almaniya ilə Şərqi Prussiya arasında quru əlaqələrini təmin etmək və Visla çayının şərqində “Cənub” ordu qrupu ilə birləşib Polşa qoşunlarını məhv etmək idi. “Şimal” və “Cənub” ordu qrupları arasında olan böyük bir sahədə azsaylı ordu hissələri yerləşdirilmişdi. Həmin ordu hissələrinin vəzifəsi düşməni əsas zərbə istiqamətlərindən yayındırmaq idi. (3.16-17.)

    Nasist Almaniyası rəhbərliyi 1939-cu ilin yayında Polşa ilə gələcək müharibənin, yerli qarşıdurma səviyyəsindən kənara çıxmamasına səy göstərdi. Bunun üçün Böyük Britaniya və Fransa rəhbərliyinin Polşaya olan ictimai rəyini dəyişdirmək, Almaniyanın hərəkətlərinin təcavüzkar deyil, “özünümüdafiə” olduğunu və Polşa tərəfinin Almaniyanı müharibəyə təhrik etməsinə inandırmaq lazım idi. (1.39)

    “Vays” planının icrasına başlamaq üçün Almaniya dünya birliyinə müharibə üçün formal da olsa bir səbəb göstərməli idi. Bu məqsədlə, admiral Vilhelm Kanarisin rəhbərlik etdiyi nasist hərbi kəşfiyyatı və əks-kəşfiyyatı (Abver), Təhlükəsizlik xidməti (SD) ilə birlikdə Polşa, Almaniya və Slovakiya arasındakı sərhəddə bir sıra provokasiyalar hazırladı. Provokasiyaların xarakteri eyni idi: SS xüsusi təyinatlı agentlərinin alman obyektlərinə hücumları və bu hücumlarda Polşa tərəfinin günahlandırılması.

    Avqustun 31-i axşamı, SS şturmbannfüreri Alfred Nauyoksun komandanlığı altında olan qrup tərəfindən  Polşa-Almaniya sərhədindən 10 km məsafədə yerləşən Qlayvits alman şəhərindəki yardımçı radiostansiya üzərinə hücum həyata keçirildi. Onun vəzifəsi Polşa ordusunun Almaniya sərhəddini keçməsi barədə xəbər yaymaq və Almaniyadakı polyakları almanlara qarşı üsyan etməyə çağırmaq idi. Hücumdan sonra radiostansiyanın binasında  alman və xarici mətbuata təqdim edilə bilən dəlillər qalmalı idi. Radiostansiyasını “ələ keçirdikdən” sonra, canlı efirdə polyak dilində “Qlayvits radiostansiyası Polşanın əlindədir!” deyə dinləyicilərə elan verildi. Daha sonra, avtomatlardan divarlara və pəncərələrə atəş açdıqdan sonra, keçmiş Sileziya üsyançısı yerli sakin Frantişek Xonyokun cəsədini binanın girişində saxlayan qrup binanı tərk etdi. (5.224) 

    Bir qədər sonra, həmin vaxta qədər cinayətə görə edam cəzasına məhkum edilmiş bir neçə dustaq konslagerdən Qlayvitsə gətirildi. Onlar polyak hərbi forması ilə geyindirilib, ineksiya yolu ilə huşsuz vəziyyətə salındılar və güllələndilər. Bunda məqsəd, Almaniyaya hücum edən polyak hərbi hissələri ilə döyüşün olduğunu iddia etmək idi. Beləliklə, SS-çilərin əlində ölən həmin dustaqlar, alman qoşunlarının Polşaya hücumunun ilk qurbanları oldular.

    1 sentyabr 1939-cu ildə, səhər saat 4:30-da, Almaniya Hərbi Hava Qüvvələri (“Lüftvaffe”) Polşanın hava limanlarına kütləvi zərbələr endirdilər, saat 4:45-də “Şlezviq-Holşteyn” zirehli gəmisinin Polşanın Dansiq şəhəri yaxınlığındakı Vesterplatte hərbi-dəniz bazasına atəş açması ilə Vesterplattenin yeddi günlük müdafiəsi (1-7 sentyabr 1939) başlandı. (2.12) Saat 4:40-da kapitan Valter Zigelin komandanlığı altında Maks İmmelman adına 1-ci bombardmançı diviziyası  Velun şəhərini bombardman etməyə başladı. Yarım saat sonra Xoynits, Staroqard və Bıdqoş şəhərləri üzərinə də bombalar yağdırıldı. Velun şəhərinin bombalanması əsasən, dinc vətəndaşlar olmaqla 1200 nəfərin ölümünə səbəb oldu, şəhərin 75%-i dağıdıldı. Saat 4:45-də Vermaxt qoşunları da “Vays” planına əsasən, müharibə elan etmədən bütün Almaniya-Polşa sərhədi boyunca, habelə Moraviya və Slovakiyadan hücuma keçdilər.

Alman təyyarəsi Varşava səmasında

    Vermaxt generalı və hərbi tarixçi Kurt fon Tippelskirxin yazdığı kimi, hücumun elə ilk günündə alman aviasiyası Polşa təyyarələrinin əksəriyyətini hava limanlarındaca məhv etdi ki, bu da quru qüvvələrinin sürətlə irəliləməsinə şərait yaratdı. Hava zərbələri Polşa silahlı qüvvələrinin səfərbərliyini və dəmir yolu ilə operativ şəkildə daşınmasını qeyri-mümkün etdi, polyak ordusunun idarə olunmasını və onlar arasındakı əlaqələri ciddi şəkildə pozdu. (8.38)

    Dansiq şəhərində, Yan Hevel meydanında Polşa poçt binasına hücum edən almanlar yalnız 14 saatdan sonra binanı ələ keçirə bildilər. Sentyabrın 1-də Senatın hələ 23 avqust 1939-cu ildə verdiyi qərarı ilə “Dansiq azad şəhərinin başçısı” (reyxştathalter) elan edilən Albert Forster, Dansiqin Üçüncü Reyxə birləşdirilməsi haqqında bəyanat verdi. Elə həmin gün Millətlər Liqasının baş komissarı Karl Yakob Burkhardt və onun komissiyası Dansiqi tərk etdi. Günortadan sonra almanlar, 2 sentyabrda Dansiqdə yaradılan Ştutthof konslagerinə həbs edilmiş ilk 250 polyakı yerləşdirdilər.

    1 sentyabrda Klobutsk şəhərindən 5 km şimalda yerləşən Mokra kəndində baş verən döyüşdə polyak ordusu almanların 4-cü tank diviziyasının 50-yə yaxın tankını məhv etməyi bacardılar. Lakin, almanlar polyak mövqelərinə ciddi zərbələr endirdilər.

    1939-cu ilin 1 sentyabrında SSRİ-də ümumi hərbi mükəlləfiyyət tətbiq edildi. Eyni zamanda, çağırış yaşı 21 yaşdan 19 yaşa, bəzi kateqoriyalar üçün 18 yaşa endirildi. Qanun dərhal qüvvəyə mindi və qısa müddət ərzində ordunun sayı 5 milyon nəfərə çatdı ki, bu da bütün əhalinin təxminən 3% -ni təşkil edirdi.

    3 sentyabr, səhər saat 9-da İngiltərə, saat 12:20-də Fransa, həmçinin Avstraliya və Yeni Zelandiya Almaniyaya müharibə elan etdi. Bir neçə gün ərzində Kanada, Nyufaundlend, Cənubi Afrika İttifaqı və Nepal da onlara qoşuldu. Beləliklə, ikinci dünya müharibəsi başladı. Həmin hadisələr zamanı Herman Görinq demişdir: “Əgər biz bu müharibədə məğlub olsaq, yalnız Tanrının mərhəmətinə sığına bilərik”.

    Sentyabrın 3-də Polşa hərb naziri Alman ordusunun Çenstoxovaya irəliləməsi ilə əlaqədar olaraq sərəncam verdi. Yazılı göstərişlərdə paytaxt Varşavanın müdafiəsinin hazırlanması, almanların buraya hücum etdiyi təqdirdə körpülərin müdafiəsinin təşkil edilməsi və ya onların məhv edilməsi məsələlərinə toxunuldu. O zaman Varşavanın müdafiəsinə briqada generalı Valerian Çuma rəhbərlik edirdi. O, sentyabrın 5-də general Kutşeba və Bortnovskinin gəlişinə qədər Varşava körpülərini müdafiə etmək əmri aldı. Körpülər ətrafında beş artilleriya batalyonu, həmçinin aviasiya briqadası yerləşdirildi. Elə həmin gün, 5 sentyabr 1939-cu ildə Varşavada Qırmızı Xaç könüllülərindən, yanğınsöndürmə briqadaları və fəhlə batalyonlarının yaradılmasına başlanıldı. (3.30)

Nasist əsgərləri Polşada

   8 sentyabrda Varşava uğrunda döyüşlər başladı. Həmin gün almanların 10-cu ordusunun və 4-cü tank diviziyasının qoşunları təqribən 17 saata şəhərin cənub hissəsinə girdilər. Lakin polyak qoşunlarının qüvvələri onların hücumlarını dəf etdilər. Hücum cəhdləri 9 və 10 sentyabrda yenidən təkrarlandı. Şəhərin müdafiəsinin güclü olduğunu nəzərə alan alman komandanlığı, sentyabrın 12-də Varşavanı almaqdan imtina etdi və şəhəri mühasirəyə almaq üçün 4-cü tank diviziyasını 31-ci piyada diviziyası ilə əvəz etdi. 14 sentyabrda 3-cü alman ordusunun irəliləməsi nəticəsində Varşavanın müdafiəçiləri ətrafındakı mühasirə tamamlandı.

    9 sentyabrda Polşanın “Poznan” və “Pomorye” orduları ilə almanların “Cənub” ordu qrupunun 8-ci və 10-cu orduları arasında Bzur çayı yaxınlığında döyüş başlandı. Gərgin döyüşlərin getdiyi bir vaxtda, sentyabrın 17-də Polşaya sovet müdaxiləsi başlandı. 17 sentyabr, saat 22:40-da Polşa qoşunlarının baş komandanı Rıdz-Smiqlı radio ilə “Sovetlərlə hərbi əməliyyatların aparılmaması” əmrini verdi, qoşunların Rumıniya və Macarıstana geri çəkilməsi haqqında direktiv imzaladı. Elə həmin gün gecə Polşa rəhbərliyi sərhədi keçdi. (4.367-368) Bzur döyüşü zamanı hər iki polyak ordusu 21 sentyabra kimi almanlara ciddi müqavimət göstərdilər. Lakin, sentyabrın 21-i almanlar onların müqavimətini tamamilə qırdılar, həmin gün 120 min nəfər polyak əsir düşdü. (5.263-265)

Sentyabrın 19-da 8-ci alman ordusunun komandanı Yohannes Blaskoviç Varşava üzərinə ümumi hücum əmri verdi. 22 sentyabrda hücum hava dəstəyi ilə başladı. 25 sentyabrda Lüftvaffenin 1150 təyyarəsi hücumda iştirak etdi. 28 sentyabrda Polşa komandanlığı təslim olmaq aktını imzalamağa məcbur oldu. Bir həftə sonra Polşada hərbi əməliyyatlar başa çatdı. (1.75)

Nasist Almaniyası və SSRİ arasında bölüşdürülmüş Polşa

Polşa torpaqları Almaniya və SSRİ arasında bölündü. Yeni sərhədlər 28 sentyabr 1939-cu ildə Moskvada SSRİ ilə Almaniya arasında bağlanmış “dostluq və sərhəd haqqında müqavilə” ilə möhkəmləndi. Qərbi Buq və San çaylarından şərqdəki ərazilər Ukrayna SSR və Belorus SSR-ə birləşdirildi. Nəticədə, SSRİ-nin ərazisi 196 min km², əhalisi isə 13 milyon nəfər artdı. Almaniya, Şərqi Prussiyanın sərhədlərini Varşavaya qədər genişləndirdi və köhnə Poznanşina ərazisini işğal edərək  Lodz şəhərinə qədər ərazini Litsmanştadt adlandırılan Vart vilayətin daxil etdi. Hitlerin 8 oktyabr 1939-cu il tarixli dekreti ilə təxminən 9,5 milyon insanın yaşadığı Poznan, Pomeraniya, Sileziya, Lodz və d. ərazilər alman torpaqları elan edildi və Almaniyaya birləşdirildi.

Polşanın qalan ərazilərində paytaxtı Krakov olmaqla general-qubernatorluq yaradıldı. Hans Frank onun general-qubernatoru (1939-1945) oldu.


İstifadə olunmuş ədəbiyyat       

1.     Steven J. Zaloga. Poland 1939: The Birth of Blitzkrieg, Osprey Publishing, 2002. – 96 pp.

2.     Беккер К. Ч. 1: Блицкриг в Польше // Военные дневники Люфтваффе. Хроника боевых действий германских ВВС во Второй мировой войне 1939—1945. М., Центрполиграф, 2005.  С. 12 – 544 с. 

3.     История Второй мировой войны в 12 томах. Том 3. М., Воениздат, 1974. – 498 с.

4.     Мельтюхов М. 17 сентября 1939. М., Вече, 2009. – 620 с.

5.     Мельтюхов М. Советско-польские войны. Военно-политическое противостояние 1918-1939 ггМ., Вече, 2001.  464 с.

6.     Мельтюхов М. Упущенный шанс СталинаМ., Вече, 2000. 537 с.

7.     Переслегин С. Вторая мировая: война между реальностями. М., Яуза Эксмо, 2006. 544 с.

8.     Типпельскирх К. История Второй мировой войны. СПб., Полигон, 1998. – 796 с.


Mənbə: Balamirzə Məmmədli. Almaniyanin Polşaya hücumu və II dünya müharibəsinin başlanması. Türk Dünyası Gənc Tədqiqatçılar Dərnəyinin Araşdırmaları, №4(4) 2020, səh 31-40.





Комментарии

Популярные сообщения из этого блога

Nasist Almaniyasının Fransa kampaniyası və onun nəticələri - Balamirzə Məmmədli